Putinin Bakı səfərinin yekunları ilə bağlı Rusiya Federasiyası və Azərbaycan prezidentlərinin birgə bəyanatı
Tərəflər dövlət suverenliyinə, müstəqilliyə, ərazi bütövlüyünə, bərabər hüquqluluğa və bir-birinin daxili işlərinə qarışmamağa qarşılıqlı hörmət prinsipləri əsasında dövlətlərarası əlaqələri möhkəmləndirməyə davam etmək barədə razılığa gəliblər. Bu barədə avqustun 19-da Vladimir Putin və İlham Əliyevin Bakı danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.
17 bənddən ibarət sənəddə beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
“Rusiya və Azərbaycan beynəlxalq hüquqa əsaslanan, ikili standartlardan azad və ayırıcı xətlərin yaradılmasını istisna edən dünya düzəninə töhfə vermək istəyini təsdiqləyiblər”.
Tərəflər sülhün, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın qorunmasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm rolunu tanıyırlar. Rusiya ŞƏT-də Azərbaycanın statusunun yüksəlməsini, BRICS ilə əməkdaşlığın möhkəmləndirilməsinə olan marağını dəstəkləyir.
“Tərəflər Cənubi Qafqazda təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də yüksək səviyyədə əldə edilmiş sonrakı razılaşmaların əhəmiyyətini vurğulayıblar. Rusiya Federasiyası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına bundan sonra da kömək etməyə hazır olduğunu təsdiqləyib”.
Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasına uyğun olaraq Xəzər dənizində fəaliyyət göstərmək məqsədilə aktiv əməkdaşlığı davam etdirmək niyyətindədirlər.
Dövlət başçıları ikitərəfli sənaye və kənd təsərrüfatı əməkdaşlığının gələcəkdə möhkəmləndirilməsinin, turizm və tranzit axınlarının genişləndirilməsinin, (o cümlədən hava əlaqəsinin inkişafı yoluyla), eləcə də dəmir yolu və multimodal yük daşımalarının və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutu üzrə infrastrukturun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
İki ölkənin liderləri ikitərəfli iqtisadi əlaqələrin qurulması üçün Rusiya regionlarının Azərbaycanla əməkdaşlığının böyük potensialının olduğunu vurğulayıblar.
Rusiya Federasiyasının prezidenti səmimi qəbula görə Azərbaycan prezidentinə təşəkkür edib və onu Rusiya Federasiyasına səfərə dəvət edib, sənəddə deyilir.