Dövlət Departamenti: Çin müharibə ilə bağlı Kiyevin fikirlərini birbaşa Kiyevdən eşitməlidir
Çərşənbə axşamı ABŞ Ukraynanın xarici işlər nazirinin Çinə səfərini alqışlayaraq bildirib ki, Pekinin müharibə ilə bağlı Kiyevin fikirlərini birinci əldən dinləməsi vacibdir.
Nazir Dmitri Kulebanın Çinə səfəri 2022-ci ilin fevralında Rusiyanın hücumunun başlamasından sonra ukraynalı yüksək səviyyəli məmurun ilk səfəridir.
“Çinin bu hücum nəticəsində Ukraynanın verdiyi itkilər barədə birbaşa Ukraynadan eşitməsi vacibdir. Çin Rusiyanın müdafiə-sənaye bazasının bərpasına kömək etməklə bu müharibəni gücləndirmək üçün çox şey edir”, – brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın müxbirinin sualının cavabında deyib.
Miller deyib ki, ABŞ və onun müttəfiqləri Ukraynadakı müharibə mövzusu ilə əlaqədar Çinlə əməkdaşlıq edirlər. Dövlət katibi Entoni Blinken bu həftə ACEAH sammiti çərçivəsində çinli həmkarı ilə görüşəcək.