Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzadıb
İyulun 22-də Avropa İttifaqı Şurası Ukraynaya hücum ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları daha 6 ay, 31 yanvar 2025-ci ilədək uzadıb.
İlk dəfə 2014-cü ildə tətbiq olunan sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq 2022-ci ilin fevralından xeyli genişləndirilib.
Hazırda sanksiyalar ticarət, maliyyə, texnologiya və ikili təyinatlı malları, sənaye, nəqliyyat və dəbdəbəli mallara qoyulan məhdudiyyətlərdən ibarətdir. Onlar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan Avropa İttifaqına dəniz yolu ilə idxalına və ya daşınmasına qadağa qoyulmasını, Rusiyanın bir neçə bankının SWIFT sistemindən ayrılmasını və Rusiya Federasiyası KİV-in Avropa İttifaqında yayımının dayandırılmasını əhatə edir.
24 fevral 2022-ci il tarixindən Avropa İttifaqı Rusiyanın Ukraynaya tammiqyaslı hücumuna cavab olaraq 14 sərt sanksiya paketi qəbul edib.
Avropa İttifaqı Şurası 27 iyun 2024-cü il tarixli rəylərində Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə öz daimi dəstəyini, həmçinin Avropa İttifaqının Ukraynaya daimi siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyə sadiqliyini təsdiqləyib.