Ordunu Qarabağdan çıxart, Şuşa yolunu aç, Kərkini boşalt, əsirlərini al
Rusiyanın “Kommersant” qəzeti yazır ki, Bakı və İrəvan arasında Azərbaycan tərəfinin saxladığı 73 erməni əsirlə bağlı mübahisələri davam edir. Azərbaycan Xarici İşlər Nazirliyi iddia edir ki, döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan ərazisində saxlanılan Ermənistan vətəndaşları əsir kimi qəbul edilmir və onlar etdikləri cinayət əməllərinə görə, qanun qarşısında cavab verməlidirlər.
Onu da qeyd edək ki, hazırda Avropa İnsan Hüquqları Məhkəməsində bu iddia ilə bağlı məsələyə baxılır. Bunu 73 erməni məhbusun maraqlarının təmsil edən Siranuş Saakyan deyib. O, bildirib ki, Azərbaycan və Ermənistanın, o cümlədən Qarabağın faktiki rəhbərliyi arasında erməni məhbusların azadlığa buraxma imkanlar müzakirə olunur. Ermənistan 3 şərti yerinə yetirməlidir. Bu şərtlərin arasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağ ərazisindən çıxarılması da var. Belə bir prosesin başlaması ilə bağlı danışıqlar 19 martda başlayıb. Amma Qarabağın faktiki rəhbərliyi bunu təkzib edib.
“Bakı onların (əsirlikdə saxlanılanların – Kommersant) 73-nün Ermənistan vətəndaşı olduğunu qəbul edir. Amma digər 120 məhbusun da olduğu ilə bağlı iddiaları qəbul etmir. Lakin erməni tərəfində onların Azərbaycanda saxlanılması barədə təkzibedilməz faktlar var ” – bunu Saakyan “Bagramyan 26” teleqram kanalına deyib. Bildirib ki, “Rəsmi Bakı bütün məhbusların qayıtması üçün üç şərt irəli sürür:
- Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarmalıdır.
- Ermənilərin adını dəyişib Tigranaşen etdiyi, Naxçıvan MR-ə məxsus Kərki kəndi qaytarılmalıdır.
- Qırmızı Bazar üzərində Şuşaya gedən yol Azərbaycan ordusunun nəzaərtinə verilməlidir. Saakyan deyib ki, “Bu problemləri həll etmək üçün Bakı erməni məhbusları amilindən istifadə edir”. O, bu məlumatları “əvvəlcədən hazırlanmış sənədlərdə” gördüyünü və bir neçə əlavə mənbədən də dəqiqləşdirdiyini qeyd edib.
“Kommersant” bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərib. Azərbaycan Xarici İşlər Nazirliyi çərşənbə axşamı RİA Novosti-yə göndərdiyi açıqlamada bir daha bildirib ki, bütün hərbi əsirləri artıq Ermənistan tərəfinə verilib. Lakin döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan ərazisində tutulan şəxslər əsir kimi qəbul edilmir və onlar etdikləri cinayətlərə görə, qanun qarşısında cavab verəcəklər. Sitat:
– “Üçtərəfli (10 noyabr 2020-ci il gecəsi – Kommersant) bəyanat imzalandıqdan sonra Ermənistandan Azərbaycan ərazisinə göndərilən şəxslər əsir sayılmır və əsir hesab edilə bilməz. Saxlanılan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Onlara beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yanaşılır ”.
“Erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması” tələbi indi Bakıda və Yerevanda və tanınmamış DQ-nin paytaxtı Stepanakertdə də fəal şəkildə müzakirə olunur. Noyabr üçtərəfli bəyanatının mətninə görə, “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”.
Çərşənbə axşamı Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Harutyunyan arasında növbəti telefon danışığı olub. Ancaq bu mövzuda açıq bir şey deyilməyib. Rusiya Müdafiə Nazirıliyi “Söhbət əsnasında tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini, bölgədəki vəziyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi sahələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər” açıqlamasını verib.
Bu arada maaqlıdır ki, 19 martda DQ Müdafiə Ordusunun keçmiş mətbuat katibi Senor Hasratyan Ermənistan silahlı qüvvələrinin nizami hissələrinin Qarabağdan geri çəkilməsinin başladığını elan etdi. Ermənistan Müdafiə Nazirliyində şərh olunmayan sözlərinə görə, Qarabağın yaxın beş ildə təhlükəsizliyi (Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi dövrü) orada dayanan rus sülhməramlıları və ordu tərəfindən təmin ediləcək.
TİME TV