Maaşlar azalır, iş yerləri itirilir, SOCAR-da koronavirusa yoluxanlar artır
Koronavirus pandemiyası, neftin qiymətinin kəskin enməsi, anlaşılmaz sərt karantin rejimi Azərbaycanda vəziyyəti gərginləşdirir. İqtisadçı alim Qubad İbadoğlu baş verənləri belə şərh edir:
— Azərbaycanda orta aylıq əmək haqqı davamlı olaraq azalır, son 3 ayın rəsmi göstəriciləri əsasından bunu müşahidə etmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-may aylarında Azərbaycanda orta aylıq əmək haqqı 728,9 manat, yanvar-aprel aylarında 736,2 manat, yanvar-mart aylarında 744,5 manat təşkil edib, bu da o deməkdir ki, ilk 5 aya olan orta əmək haqqı bu ilin ilk dörd ayına nisbətən 7,3 manat, 3 ayına nisbətən 15,6 manat azdır.
Bu da inkişaf nağıllarının məntiqi sonluğu, hələ mən rəsmi rəqəmləri təqdim edirəm. Bildiyim qədər qeyri-rəsmi ödənişlərdə azalmalar daha çoxdur. Bir çox dövlət orqanları, eləcə də hüquq mühafizə təşkilatlarından, hətta SOCAR-da da maaşa üstəlik verilən qeyri-rəsmi ödənişlərin kəskin şəkildə azaldığı bildirilir. Ailələrin xərclərinin, xüsusilə də ərzaq və dərman qiymətlərinin bahalaşması hesabına artdığı indiki pandemiya dövründə əmək haqlarının azalması hətta işləyənlərin də dolanışığını pisləşdirir. Bundan başqa işsizlərin sayının durmadan çoxalması yaşam şərtlərinin pisləşdiyi indiki dövrdə güzəranı daha çətin vəziyyətə salıb. Hökümət isə büdcədə müsbət saldonun olmasına rəğmən nə işsizlərə, nə də işləyənlərə sosial yardım göstərməyə xəsislik edir. Hətta pandemiya dövründə gözəgörünməz virusla mübarizə aparan həkimlərin aylıq maaşlarına vəd etdiyi müddətli əlavələri belə tam ödəmir, ondan da kəsir, yarısını ödəyir.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə Dövlət Neft Şirkətinin işçiləri arasında koronavirusa yoluxanların kəskin artdığını bildirir:
— Ölkədə virusa yoluxanların sayı durmadan artır. Həmin artan sayda bu və ya digər şəxslərin müəyyən günahı da istisna deyil. Hörmətli SOCAR rəhbərləri , bu yazı əlləri sizə çatmayan işçilər tərəfindən göndərilib. Düşünürəm ki, yoxlanılmasına ciddi ehtiyac duyulur.
– Salam Mirvari xanım mən Neft Daşlarının işçisiyəm. 5 gündür ki, Ramada Hotelde karantindəyəm. Mənim iş yoldaşım da analizin cavabı pozotiv çıxıb. İlk gün mən və otaq yoldaslarımda analizin cavabları neqativ idi. Sonuncu analizi verdikdə isə pozitiv çıxıb. Mənimlə yanaşı, bir çox işçidə də eyni qaydada 1-ci analiz neqativ, 2-ci pozotiv çıxdı. Bizim yoluxmamıza səbəb 2 gündə 2 dəfə temperaturumuzu yoxlayan zaman bir yerə kütləvi şəkildə yığışmağımız, ən əsası usə bizə xidmət göstərən hotel işçilərindən bizə keçmiş ola bilər. Çünki hotel işçiləri heç bir yoxlamadan keçmirlər. İstədikləri vaxt hoteli tərj edib geliler. Bunları Neft Dasları rəhbərliyi bilsə də, rehberliyi heç bir tədbir görmer. Şərait pisdi, bir otaqda 4-5 nəfər yerləşdirirlər. Xahiş edirik bizim adımızdan SOCAR rəhbərliyinə catdırın ki, heç olmasa, bu dönəmdə vicdanla işləsinlər. Ən çox yoluxma Baki Busnes Hotel ve Rich hotelde qeydə alınıb. Statiskaya nəzər yetirsələr görərlər ki, 1-ci dəfə cavablar demək olar ki, 100 faiz neqativ çıxıb. Ancaq sonuncu gün – burda saxlanıldığımızın 6-cı günündə analiz verəndə 70 faiz test pozitiv oldu. Bunu bilə-bilə ona gorə göz yumurlar ki, hoteller özlərinə məxsusdu.
Time TV