Vlll hissə
Mirqədirovun, ümumuiyyətlə, regional tədbirdən kənar erməni QHT nümayəndələri və ya siyasət, hüquq və qələm adamları ilə hər hansı görüşü, atüstü ünsiyyəti, sonradan Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən törədilən hər hansı əməli, düşmən tərəfinə keçməsi, casusluğu, dövlət sirrini xarici dövlətə verməsi, vətənə qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etməsi təsdiq olunmasa da, “Şrek” və sahibləri onu dövlətə xəyanətdə təqsirlənidirib həbs edirlər, daha doğrusu, Türkiyə Cümhuriyyətində, avtobusda 4 yaşlı övladı ilə yol gedərkən qaba biçimdə saxlanılmasına, Azərbaycana ekstradisiya edilməsinə müvəffəq olurlar. Sonrası da məlumdur: insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar tərəfindən dərhal vicdan məhbusu kimi tanınan cənab Mirqədirov 2 il MTN-nin İstintaq Təcridxanasının təkadamlıq kamerasında saxlanıldıqdan sonra azadlığa buraxılır…
Mirqədirov “təsadüfi” adamlarla görüşünü təsdiqləyir
Yeri gəlmişkən, özümü qanandan bəri ciddi ictimai-siyasi təhlillərini həvəslə təqib etdiyim dəyərli Rauf bəy dünən zəng etmişdi. Hərçənd ki, heç vaxt bu və ya digər formada təmasımız olmayıb, amma 2 saat dərdləşdik, Rauf bəy 2008-ci ildə Tbilisidə düzənlənən həmin tədbirdə iştirak etməkçün Bakı-Tbilisi qatarından istifadə etdiyini, kupede 2, ya da 3 “yol yoldaşı”nın oluğunu, süfrə açıldığını, “təsadüfi” adamlarla çörək kəsdiyini təsdiqlədi…
Eldar Mahmudovun məhv etdiyi ordubadlı zabit
“Şrek”lə dialoqumuz yenicə dolğun məzmun almışdı ki, dustaq yoldaşım, çörək kəsdiyim, xətrini əziz turduğum polkovnik Emil Süleymanovla üzbəüz gəldik, istər-istəməz söhbətin mövzusu dəyişdirildi. Emil Süleymanov…
Bu ad və soyad Sizə tanış gəldimi, lütfkar oxucu? Ən yeni nəslin nümayəndələrinə çətin tanış gəslin, bir halda ki, 15 il müddətinə azadlıqdan məhrum edilmiş Süleymanov artıq 13-cü ildir ki, dörd divar arasındadır. Odur ki, Süleymanovun keçdiyi həyat yolu, xidməti və fərdi məziyyətləri, başına gətirilən olmazın zülmlər, özü azmış kimi ailəsinin yaşadığı dramı bir neçə cümlə ilə burada təsvir etməsəm, doğru olmaz.
Beləliklə, Ordubadda doğulub, Bakıda boya-başa çatan, Sovet Rusiyasında hərbi xidmət keçib, ali təhsil aldıqdan sonra kəşfiyyat və əks-kəşfiyyat barədə dərin nəzəri biliklərə yiyələnən Süleymanov çox keçmir ki, vətənə – Bakıya dönür. Peşəkar təhlükəsizlik zabiti tezliklə Prezident yanında Xüsusi İdarədə işə götürürlər. Qısa müddət ərzində Xüsusi İdarədə şöbə rəisi vəzifəsinə təyin olunur. 34 yaşında polkovnik rütbəsi alır. Lakin həmin idarə 2000-ci illlərin əvvəlində MTN-nə birləşdirildikdən sonra Süleymanov 39 yaşında təqaüdə göndərilir. Bir müddət işsiz qadıqdan sonra ticarətlə məşğul olmaq niyyətinə düşür. Günün birində ölkəni tərk etmək niyyətinə düşür, fəqət hava limanında-sərhəddə bəlkə də sürpriz olmayan münasibətlə üzləşir-“stop!” Şəxsi əlaqələrini işə salıb, “stop”un aradan qaldırılmasına nail olaraq ölkəni çox da uzun olmayan müddətə tərk edir.
Lakin Süleymanovun zəngin təcrübəsinin tətbiq edilməsinə yenidən ehtiyac yaranır: 2004-cü ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi təyin edilir. Qısa müddət ərzində idarədə ciddi reformalara start verir, işə götürülmədən tutmuş irəli çəkilməyədək maddi nemət, rüşvət, himayədarlıq, qohumbazlıq, yerlibazlıq və s. tamamilə aradan qaldırırılır, əvəzində təsərrüfat hesablı idarənin gəlirləri hesabına əməkdaşların əmək haqlarında ciddi artım müşahidə edilməklə peşəkar mütəxəssislər cəlb olunur ki, bu da keyfiyyəti qaçılmaz edir.
Təhlükəsizlik İdarəsində təhlükəli zabit
Süleymanovun rəhbərliyi altında fəaliyyət göstərən ayrı-ayrı əməkdaşların da dilindən eşitmişəm ki, Təhlükəsizlik İdarəsinin yüzlərlə əməkdaşlarından hər hansı birinin cüzi də olsa rüşvət alma faktı barədə məlumat daxil olardısa, işdən xaric olma barədə əmr 15 dəqiqə ərzində Süleymanovun masasının üzərində olarmış. İş o həddə çatıbmış ki, qanunvericiliyin tələbinə uyğun olaraq hava limanında dövlət başçısı, spiker, baş nazir və onların ailə üzvləridən başqa heç kim,-kimliyindən asılı olmayaraq, hətta MTN-nin hava limanında xidmət edən rəsi və zabit heyəti belə -ciddi yoxlamadan keçməmiş trapa ayaq basa bilmirmiş. Belədə- Azərbaycanda mövcud olan hüquq sisteminin fonunda Süleymanovu nə gözləyə bilərdi? Düzdür, Emilin mənə deməsinə, sonradan tabeliyində işləmiş mütəxəssislərin təsdiqləməsinə görə vəzifə təlimatında nəzərdə tutulan öhdəliklərin vaxtında, keyfiyyətli və peşəkarlıqla yerinə yetirilməsi, qurulmuş təhlükəsizlik tədbirlərinin daha da dərinləşdirilməsi üçün optimal təkliflər verib qəbul edilməsinə müvəffəq olması, sərbəst təşəbbüskarlıq göstərilməsinin artıq bütün hüquq mühafizə orqalarına yayılması, qabaqcıl ənənələrlə səsləşən forma və metodların tətbiqi, nəinki Cahangir Əsgərovun ard-arda verilmiş rəsmi təşəkkürnamələri ilə müşayiət olunmuşdu, üstəlik, dövlətin zirvəsinin diqqətini çəkə bilmişdi.
Mahmudovun ərköyün Anarı
Amma, heç şübhəsiz, MTN-nin və onun şefininsə mənfi anlamda nəzərlərini cəlb etməyə bilməzdi, bir halda ki, cənab Süleymanov özünü az qala London və ya Paris hava limanlarından birinin Təhlükəsizlik İdarəsinin rəisi kimi apararaq intəhasız səlahiyyətlər sahibi, qılıncının dalı-qabağı kəsən Eldar Mahmudovun böyük bizneslə uğraşan, ayrı-ayrı ölkələrdən, eləcə də Dubaydan Azərbaycana mal, əşya, telefonlar “vuran”, vergi, rüsum, bəyannamə, qanun-qayda qanmayan ərköyün oğlu Anara belə maneçiləklər etmək niyyətinə düşmüşdü… Bu azmış kimi, bu və buna bənzər hallara göz yuman MTN-nin hava limanındakı nümayədələri, şəxsən Eldar Mahmudovun və onun ərköyününün əməlləri haqqında səhih məlumatlara əsaslanan məktubu dövlət başçısına ünvanlamışdı… (Həmin məktublardan biri Süleymanov həbs olunan zaman cibindən, yoxsa xidməti kabinetindəki seyfdən çıxacaqdı…)
Belədə Mahmudov hərəkətə keçir. ”Emil Süleymanov xidməti səlahiyyətlərindən sui-istifadə edərək hava limanının şərəf salonuna , dövlət başçısına ayrılan otağa “jıçok” yerləşdirib. Dövlət başçısının bütün danışıqlarını milyonların müqabilində məmnuniyyətlə rus kəşfiyyatçılarına təhvil verir.” məzmunlu, heç bir faktoloji əsası olmayan, qondarma və uydurma dəlillərlə bəzədilib tərtib edilən arayışlar ard-arda dövətin zirvəsinə təqdim olunur, ta o zamanadək ki, Süleymanovun qələminin sındırılmasına, birdəfəlik bitirilməsinə razılığı ala bilsin. Alır da.
Bəli, az qala Cinayət Məcəlləsinin bütün maddələri, o cümlədən, dövlətə xəyanət, vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, mənimsəmə, rüşvət alma, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, gəzdirmə yüklənir Emilin kürəyinə, həbs olunur. 15 il “nallayaırlar”.
Mahmudovun quldurları və Emilin qızı
Təbii ki, Emilin evində axtarış aparılır. Evdə zinət əşyalarını, pul əskinaslarını talayan əməliyyatçılar və istintaqçılar onun azyaşlı, bu dünyanın gəlişindən-gedişindən heç nə anlamayan qızının sürpriz təkifi ilə qarşılaşırlar: “Əmi, bunu atam doğum günümdə mənə hədiyyə etmişdi, alın, götürün…”,- deyə boynundakı qızıl sepi çıxarıb, axtarışı aparanlara uzadır. Dostlar, bəlkə də inanmazsınız, amma bütün müqəddəslərə and olsun ki, Emilin deməsinə görə qızcığazın əlindəki qızıl sepi əməliyyatçılar göydə qapırlar. (Mən insan qanını donduran bu mənzərəyə bənzər səhnəni, deyəsən, Milan Kunderanın “Mənasızlığın təntənəsi”ndə oxumuşdum.)
Emilin yolunu bir neçə il Bakıda gözləyən ailəsi yekunda Süleymanovun tövsiyəsi ilə vətəni tərk edib, Moskvaya- qayınanasının yanına köçürlər. Artıq həmin qızcığaz böyüyüb… İ.M. Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində təhsil alır. Emilin oğlu informasiya texnologiyaları üzrə mütəxəssisdir. Atalarının deməsinə görə, təəssüf ki, övladları Azərbaycana nifrət edirlər. Süleymanovun milliyyətcə qaqauz türkü olan xanımı isə 13 ildir ki, qanunvericiliyin imkan verdiyi hədlərdə-ildə 2 dəfə Moskvadan Bakıya uçur, “zon”a gələrək ömür-gün yoldaşı ilə 3 gün bərabər olduqdaq sonra yenidən balalarının yanına dönür. Unudulmaz dustaq yoldaşım, daimi “xlebnik”im olmasa da dəfələrlə çörək kəsdiyim Süleymanovun bu kəlməsini də yazım və qayıdım “Şrek”lə söhbətimizin davamına: “Rüfət, bu məhrumiyyətlərdən, uzunmüddətli məhbəs həyatından, dəfələrlə MTN-də işgəncələrə məruz qalmağımdan, 3 il müddətinə Qobustan həbsxanasına göndərilməyimdən daha çox həbs olunduğum zamandan bir neçə gün sonra həyat yoldaşımla telefon danışığı zamanı bu sözləri eşitməyim oldu: “Emin, bu nə hərəkət idi… etmisən? Rəzil etdin bizi! Sən casus imişsən?” Bir günün içində saçlarım ağardı, Rüfət. Təkadamlıq kamerada. Ailəm də inanmışdı və ya inandırmışdılar. Amma şükür ki, sonradan hər şey aydınlaşdı, bu gün bərabərik. 13 ildir ki, arxamla sürünür…” (MTN-nin məlum səbəblərdən həbs olunan rütbə sahiblərindən 9 saylı “zon”a etap olunmayan yeganə şəxs bilirsinizmi kim idi? Süleymanovun barəsində başlanmış cinayət işinin istintaqını aparan Vüsal Ələkbərov. Xətakar müstəntiq Emil ilə üzbəüz gəlməkdən çəkinib, özünü saldırmışdı “Tubzon”a. Təbii ki, xəstələrdən ayrı, yüksək şəraiti olan saxlanma yerinə. Eşitdiyimə görə, bu gün azadlıqdadır. Allah köməyi olmasın.)
Salam-əleykdən, qısa söbətdən sonra Emil bizdən- mənlə “Şrek”dən ayrıldı. Elə davranırdım ki, fürsətdən maksimum yararlanmaq istəyimi general Quliyev duymasın:
Makleri “verbovka” edib açarın birini özümüz götürdük
–Elçin müəllim, “Azadlıq”ın direktoru Azər Əhmədov 90-cu illərdə Heydər Əliyevə qarşı terror aktı hazırlayan mütəşəkkil cinayətkar qrupla birgə olmuşdu. Qaqarin körpüsünə partlayıcı maddələr yerləşdirmişdilər… Sonradan o da, o birilər də tutuldu…Amma qəribədir ki, bir neçə il sonra Azəri niyə azadlığa buraxdılar? – deyə ağlasığmaz, gülünc ittihamları şərti də olsa, bu dəfə Azər Əhmədovun barəsində səsləndirdim ki, səfehin yadına jurnalisti salım, “bitirdim” dedikdə nəyi nəzərdə tutduğunu soruşmaq üçün münbit zəmin yaradım.
Şükür ki alındı:
– Yox əşşi, sən onu kimləsə səhv salırsan.
–Doğrudan?
–Həə. Onun başına yaxşı oyun açdım. Demək, kirayəyə ev axtarırdı. Təbii ki, bütün əlaqə telefonları daim nəzarətimizdə idi. Ev-alqı satqısı ilə məşğul olanlardan biri Azər üçün mənzil təklif etməmişdən öncə dəvət edildi MTN-ə, rahatcana cəlb edildi. Açarın bir nüsxəsi bizdə oldu. Tualetdən tutmuş yataq otağınadək müşahidə kamerası yerləşdirdik ki, 24 saat nəzarətimizdə olsun. Hətta “makler”ə tapşırdım ki, ev kirayəsinin qiymətini bazar dəyərindən xeyli aşağı təklif etsin ki, Azər qaçmasın…
–Elçin müəllim, siz dünya çapında bir kəşfiyyatçı olduğunuz halda gətirib salıblar məhbəsə. Bu ağıl və bacarıqla dövlətə bilirsinizmi nə qədər fayda verərdiniz? – deyə, əziz oxucu, özümə də, sizə də məlumdur ki, gicbəsər sual verdim, çünki başqa yolum yox idi.
–Sonra qədrimi biləcəklər. Hə, onu deyirəm axı… Birinci Azərin özünə məlum çəkilişləri göndərdik ki, çıxıb Əli Kərimli ilə Qənimət Zahidi söysün. Amma razılaşmadı. Bir müddət gözlədik. Mətbuat Şurasından kimsə Əli Həsənova zəng edib, Azər Əhmədovun şantaj edilməsi barədə məlumat verdi, kömək istədi. Telefonu dinləyib gülürdük. “Yeməkxana siçanı” söz verdi ki, nələrsə edəcək, amma Azər, heç olmazsa, bundan sonra özünü yaxşı aparmalıdır… Artıq hər şey məlum idi. Həsənov ertəsi gün dövlət başçısına çıxıb, gül kimi işimi zay edə bilərdi. Nazirdən icazə alıb, dərhal yaydıq… Seks səhnələrini…Azər də bunun nəticəsində bitdi…
Əvvəli bu linklərdə:
VII hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin
https://www.timetv.live/2020/04/14/qanli-generallarin-m%c9%99hv-etdiyi-jurnalist-h%c9%99yatlari/
VI hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin
https://www.timetv.live/2020/04/11/dustaqlarin-sindirdigi-mtn-generali/
IV və V hissələri bu link vasitəsilə oxuya bilərsiniz.
https://www.timetv.live/2020/04/11/mtn-nin-jurnalistləri-sindiran-dəstəsinin-həbs-həyati/
III hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin
https://www.timetv.live/2020/04/09/mtn-nin-generalinin-srekə-donməsi/
I və II hissə ilə burda tanış ola bilərsiniz
https://www.timetv.live/2020/04/07/mtn-nin-qanli-generali-necə-akif-babaya-cevrildi/
Time TV