Qanlı generalların məhv etdiyi jurnalist həyatları

Eldar Mahmudov Rauf Mirqədirovun məhv edilməsi əməliyyatını MTN-dəki kabinetində wiski içə-içə canlı olaraq izləyib

Korona əfvilə azadlığa çıxan qanlı generalların etdiyi dövləti cinayətlərə görə kimdir günahkar: icra edənlərmi, əmr verənlərmi? 

Rüfət Səfərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş general qrupu ilə bağlı həbsxana xatirələrini davam etdirir. Oxuyun, çox maraqlıdır!

VII hissə

Rüfət Səfərov
Rüfət Səfərov

Bəhruz bəylə ötənlərin lətifəvari əhvalatını xatırlayıb, gülürdük,-deyə “zon” rəisinə cavab verib, əməliyyatçının xidməti kabinetinə keçdik. İnsafən, rəisin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını arvadı ilə birlikdə gəmi ilə Türkmənistandan Azərbaycana daşıyarkən ifşa edilib, azadlıqdan məhrum edilən Namiq adlı aşbazı çayımızı, konfetimizi əskik etməzdi, hətta bəzən bişirdiyi ləziz təamları da təklif edərdi. Təbii ki, Bekonun comərdliyi və səxavətliliyinə cavab olaraq…

AQŞİNİN KİTABI 

Hər zamankı kimi, mən yenə də əməliyyatçının fırlanan kreslosunda yerimi rahatlayıram, qolumu qatlayaraq dirsəklərimi stola dirəyib, başımı əlllərimin içinə alıram. Birdən Bəhruzun əlindəki kitaba gözüm sataşır…

Bəhruz, o nə kitabdı elə?-deyə soruşuram.

Bıyy, doğrudan ey, sənə göndəriblər – deyə Beko cavab verir.

Kitabı göydə qapıram: Aqşin Yenisey“Məbədin sükutu”. Sevinirəm. Çünki Yenisey müasir Azərbaycan poeziyasının ən çox dəyər verdiyim şairlərindən biridir, bəlkə də birincisi. Tələsik vərəqləmək istəyəndə sürprizlə qarşılaşıram. Aqşin avtoqrafla kifayətlənməyib. Qələm əlindəkən iki şeirindən iki misranı mənə xitabən kitabın ilk ağ səhifəsinə sərib də imza və tarix qoyub:

“Rüfət, bu sevgim də daşa dəydi, bəxtəvər daşın başına.”

“Rüfət, sənə məktub yaziram, yazıram ki, bağışla…Burda hava pis keçir, ara vermir yağışlar. ”

Bəhruz, biz ki Aqşinlə həyatda heç üz-üzə gəlməmişik. Bu, nədir?– deyə haqlı təəccübümü büruzə verirəm.

Bəlli olur ki, mənim bir etibarlı dostum,- hansı ki, 5 il qonşu rayonlarda istintaqçı kimi külüng çalmışıq,- təsadüfən Yeniseylə görüşər, məndən söhbət düşər. Bəhs edib, ağlaşarlar… Dostum şairə deyər ki, bəs Rüfət şeirlərinin vurğunudur… Şair də bunu yüksək qiymətləndirərək həmin kitabı göndərər… Dörd divarın arasında günlərlə girovuna çevrildiyim, həyatımın sonunadək unutmayacağım izah olunmaz hislərə məhkum edər…

Bir halda ki, əziz oxucular, söhbət burada adını və soyadını çəkmək istəmədiyim dostumdan düşdü, bir neçə kəlmə yazmasam, düzgün olmaz. Qeyd etdiyim kimi, onunla qonşu rayonlarda işləmişik. Vaxtaşırı ya işlədiyim, ya da işlədiyi rayonda görüşüb, yeyib-içərdik, dan yeri sökülənədək dərdləşib, ağlayardıq, üfüq şəfəqin qırmızı rəngilə işıqlananda Ağdam tərəfə sürüb, xaşlayardıq. Mən prokurorluqdan ayrıldıqdan sonra təmasımız olmasa, belə daim uzaqlardan da olsa, diqqət və qayğısını duymuşam…

2016-cı ilin yanvarında ilk dəfə həbs olunanda dostum bir “butulka” arağı təkbaşına vurar, ağlayar, yatar, sonra görər ki, nəfəs ala bilmir, ürəyi partlayır, satqınlıq və xainliyin geniş yayıldığı şəraitdə ürəyini boşaltmağa bir adam tapa bilmir, götürüb heç zaman qarşılaşmadığı, kəlmə belə kəsmədiyi, fəqət dəruni hissin diqtəsindən dolayı vicdan və ədalətinə bel bağladığı və bu gün bütün Azərbaycanda məşhur olan dəyərli ziyalılardan birinə zəng edər (ad və soyad çəkməyi uyğun bilmirəm) ki, ağlamağa adam axtarıram. Dəyərli ziyalı da ertəsi gün dostumla görüşər, dərdləşərlər, deyəsən, bərabər ağlayarlar da… Bir də onda ayılarlar ki, 3 ildən sonra mən də onlara qoşulmuşam: bərabərik.

Bəli, burada Amerikan belletristi F. Mariona müraciət etməli oluram: “Üç dost var: birincisi, qida qədər ehtiyac duyduğumuz ağıllı dost, ikincisi, adamı xəstəlik qədər bezdirən ağılsız dost, üçüncüsü, adama dərman kimi şəfa verən bilikli dost.” Həmin dostum bu sətirləri oxusa, bilsin ki, qida qədər ehtiyac duyduğumdur, hərçənd ki, bəlli səbəblərdən gec-gec görüşürük.

…Bəhruzla 2 saat mırt vurub, deyib-güldükdən sonra ayrıldıq. Yola salanda zarafatımdan qalmıram:

Beko, Elçin məni azadlığa buraxırdı. Pərt elədin yazığı. Yəqin yaxın durmaz daha – deyib, sağollaşıram.

“Şrek”in “məsləhətləri”

Şrek
Şrek

Saat 16:45-dir. Sıra düzülüşünə 15 dəqiqə qalıb. Baxmayaraq ki, vəkil ilə görüşdə olduğuma görə ləngiyib, iştirak etməyə də bilərdim, amma nədənsə tələsirəm. Növbətçi hissəni adlayıb, keçəndə görürəm ki, “Şrek” yenə əllərini arxasında çarpazlayıb, dəmir çərçivədəki “Azərbaycan” qəzetinə diqqət kəsilib. Məni görcək utanmaz-utanmaz dişlərini ağardıb, dodaqlarını qaçırdır. Deputat Vahid Əhmədovun müsahibəsini oxuyurmuş…

Rüfət, “razvod”dan sonra səninlə işim var. Bayaq sohbətimiz yarımçıq qaldı. Bu xarabadan rədd olub getməlisən. Get, bizə də kömək ol,- deyib, Allah bilir, nə qədər günahsız insan qanına batmış əllərini çiynimə qoydu.

İstər-istəməz düşündüm: elə bil bayaq “baba”sı ilə birgə hoydu-hoyduya götürülən, məsxərəyə qoyulan bu gic deyildi… Mən də narahat idim ki, bayaq təkərə düşdüyünə görə ünsiyyətdən yayınar, münasibətləri soyudar…

“Razvod” bitdi, kitabxananın özünündə “Şrek”i gözlədim. Gəldi:

Sənin fotolarını mitinqlərdə qaldırırlar. Müxalifətçilər yığışıb, müdafiə komitəsi yaradırlar. Sən hara, onlar hara? “Azadlıq” qəzeti səni niyə müdafiə etməlidir? Sən hara, cəbhəçilər, müsavatçılar hara? Guya bilmirsən ki, Əli Kərimli, Eldəniz Quliyev bu dövlətin düşmənidir? – deyə sual edib, ardını gətirmək istəsə də, sözünü ağzında qoydum.

Əli Kərimli və Eldəniz Quliyev
Əli Kərimli və Eldəniz Quliyev

Elçin müəllim, vicdanlı ziyalılar- qələm, hüquq və siyasət adamlarını bira araya gətirib, Müdafiə Komitəsi yaradırsa, belədə dəyərli kinodramaturq Eldəniz Quliyev haqqı savunur. Digər tərəfdən, belə durumumda əvvəldən-axıradək özümə və ailəmə tribuna verirsə, “Azadlıq”a yalnız təşəkkür düşür. Və nə vaxtdan hakimiyyətə, indiki haldasa bir zamanlar sizin də qulluğunda durduğunuz zorakı üsul-idarəyə müxalif mövqe sərgiləmək dövlətə düşmən anlamına gəlir ki, Əli Kərimli də düşmən olsun?– deyə sual etsəm də “Şrek” söhbətin mövzusunu dəyişdirdi:

Rüfət, bura bax. Əsas məsələ budur ki, azadlığın üçün imkanlar var…

Bunun üçün nə etməliyəm? Buraxsınlar, çıxım gedim evimə. Hansı dəli öz xoşuna burada qalmaq istər?

Belə edək, ya AzTV, ya da ATV jurnalisti gələcək bura. Sırf səninçün. Kameraya 3-4 kəlmə söz deyərsən, rəhbərlik yumşalar, evə gedərsən.

Kameraya nə deməliyəm?

Səni balam qədər çox istəyirəm. Heç istəyərəm camaatın gözündən düşəsən? Deyərsən ki, “ məni radikal müxalifətin silahdaşı kimi təqdim edənlərə, mitinqdə şəkillərimi qaldırıb, orada-burada adımı çəkənlərə, Müdafiə Komitəsi yaradanlara etirazımı bildirirəm. Heç kimin müdafiəsinə ehtiyacım yoxdur. Mən, sadəcə, dövlətimdən kömək istəyirəm. Bir anlaşılmazlıq olub, inanıram ki, tezliklə hər şey aydınlaşar. Mən əminəm ki, Azərbaycanda hüquqi dövlət var, hüquq qaydası mövcuddur.” Özün bilirsən də… Hüquqşünas deyilsən? Yəni çalış ki, kameraya yalvarırmış kimi danışmayasan da… Hüquqi terminləri bol edərsən. Efirə gedəndən sonra növbəti əfv sərəncamı olacaqsa, birinci sənin adın yazılacaq. Eldar müəllimin də partiya və hakimiyyət üçün xidmətləri olub. Mütləq nəzərə alınacaq. Çünki heç kim deyil, sən özün-özünü gətirib salıbsan bu xarabaya,-deyə ləyaqət və şərəfimi əzib, kimlərinsə yanında etimad qazanmaq üçün dəridən-qabıqdan çıxan general Quliyevin gizli niyyətini deşifrə etmək məninmçün bir elə də müşkül olmadı. Necə? Təxminən belə: “Görürsünüzmü, mən azadlıqda dövlətə, hakimiyyətə, rəhbərə qarşı çıxanları mahiranə zərərsizləşdirdiyim kimi, heç bir təqsirim olmadığı halda məhbəsə salınsam belə burada da prinsiplərimə sadiqəm, yolunu azanları, müxalif fikir daşıyıcılarını neytrallaşdırmağı bacarıram.”

Heç şübhəsiz, “Şrek”in sarsaqlamasına açıq və sərt reaksiya vermədim, əksinə, özümü razılaşırmış, ipə-sapa yatan birisi kimi apardım. Belədə kəmağıl generaldan ötən gün “baba”sının imkan vermədiyi bəzi mətləbləri öyrənmək üçün zəmin yaratmağı düşündüm. Çünki əmindim ki, şərti də olsa, razılıq versəm, sonrakı söhbətlərimizdə məni maraqlandıran mövzulara birbaşa olmasa da yanakı keçid alıb ünsiyyət qursam, istədiyim nəticə özü-özünə hasil olub, meydanda olacaqdır…

Elçin müəllim, barəmdə göstərdiyiniz diqqət və qayğıya görə sağ olun. Mən kameraya danışandan sonra azadlığa çıxsam, 1-ci Fəxri Xiyabana da jurnalistlərin müşayiəti ilə getməli olacağam? – deyə sual etdim.

Səni bu müddətdə özümə doğma qardaşım oğlu kimi qəbul elədim. Əlimdən gələni edəcəm ki, insanların gözündən düşməyəsən. Yəqin ki, xiyabana getməzsən. Lap olsa belə, səni 100 faiz əmin edirəm ki, kameranın müşayiəti ilə olmayacaq. Nə qəzet-sayt yazacaq, nə də televizor verəcək. Sadəcə, 5-6 dənə qərənfili götürüb, qəbir üstünə gedərsən, baş əyib qayıdarsan. Xiyabandakı müşahidə kameraları vasitəsilə gəlib-gedən izlənilir. Elə getdiyin gün rəhbər biləcək. Həm də atanın mövqeləri güclənəcək. Müəllimi lap xəstə salmısan. Bayaq gördüm sənə münasibətini. Özündən çox sevir

Elçin müəllim, bir söz deyim…-ardını gətirməyə imkan verməyib, sözümü kəsdi, öz aləmində məni hipnoz etdiyinə adının 5 hərfi kimi əmin oldu…

Bir dəqiqə, sən Bazarovsan, ya Arkadi, yoxsa atan İvanoviçdir, ya Petroviç? -deyə sual etdi. “Atalar və oğulları” oxuduğuma görə nə demək istədiyini anladım…

Müəllim, həyatda…“Şrek” yenə sözümü ağzımda qoydu.

Belə başa düşdüm ki, razısan. Gedim Baba ilə (“zon”un rəisi) danışım, məruzə etsin, gecikdirməyək – deyə “qeydkeşliyində” təkidli olduğunu nümayiş etdirdi.

Elçin müəllim, bilsə idim məsələlər belə ciddi şəkil alıb, inanın ki, bayaq atamgilin yanında söhbətimizi inkişaf etdirərdim…

Telefona çıxmırsan ki?

Həftədə iki dəfə danışmaq imkanım olur eyy, amma siz də razılaşarsınız ki, bu kimi söhbətlər telefon mövzusu deyil axı. Bir neçə dövlət strukturu bütün telefonlarımızı nəzarətə götürüb. Açıq mətnlə atama gənəşsəm, təbii ki, qeydə alıb, mane olmaq imkanı yüksək olacaqdır.

Bəs…– növbəti sualı verməyə macal verməyib, ardını gətirdim.

Müəllim, bir də 2 həftədən sonra evdəkilər görüşə gələcəklər. Daha doğrusu, ayda iki dəfə imkan verirlər. Gəlsinlər, məsləhətləşim, atamdan xeyir-dua alım, nə deyirsiniz, edək. Belə də ki, atamın razı olacağı 100 faizdir. Nəyin bahasına olursa-olsun, azadlığımı istəyir, dözə bilmir daha…

Yaxşı. Görüm nə edirəm, Babaya deyim, bu həftənin içində əlavə görüş versin. Bu problemi mənim öhdəmə burax. Yuxarı məruzə etsə, problemsiz razılıq verəcəklər…

Baxın. Məsləhət sizindir.

Gəl gedək Səlimin yanında bir çay içək.

Mirqədirovun məhvi əməliyyatı

Bədbəxt oğlu bədbəxt öz aləmində guya təlqin-hipnoz etmək istəyirdi. Amma özü respublika əhəmiyyətli bir əməliyyatı yarısınadək icra edibmiş kimi nisbətən rahatlandı, yekun uğuru qaçılmaz edəcək ilkin müvəffəqiyyətdən məsti-xumar oldu. Bunu hiss etdiyimdən, tam yetişmiş sualı ünvanladım.

Elçin müəllim, o Rauf Mirqədirov eşitdiyimə görə ermənilərə işləyib, vətənə xainlik edərək dövləti satıb. Deyirdiz ki, onu, Xədicə İsmayılı, Azər Əhmədovu, Ruslan Bəşirlini bitirmisiniz. Amma, deyəsən, Ali Məhkəmə Mirqədirovu buraxdı -deyə maymaq generaldan söz almaq üçün dəyərli qələm sahibi Mirqədirova şərti də olsa böhtan atmaqdan savayı yolum yox idi…

Rauf Mirqədirov məhkəməyə gətirilərkən
Rauf Mirqədirov məhkəməyə gətirilərkən

Raufun ətrafında bir əməliyyat keçirtdim ki… Mahmudov canlı izləyirdi…– deyib, davamını gətirmək istəsə də qeyri-iradi sözünü kəsdim:

Necə bəyəm?

Demək, bizə məlumat daxil oldu ki, Tbilisidə regionun QHT nümayəndələrinin mediaya açıq tədbiri olacaq. Ermənistanın da 3-cü sektor nümayəndələri orada iştirak edəcəkdi. Mirqədirovun Bakı-Tbilisi qatarı ilə yola düşəcəyini müəyyənləşdirmək çətin olmadı. Mərkəzin (Antiterror Mərkəzi nəzərdə tutulur-müəllif) ən peşəkar 3 əməlliyaçısını kupeyə-Mirqədirovun yanına təhkim etdim. Bizdə dəqiq məlumat var idi ki, Mirqədirov babat yeyib-içəndir. Belədə əməliyyatı qurmaq bir elə də çətin olmur. Təki işə az da olsa içki “müdaxilə etsin”. Ona görə də bizimkilər araq və viski ilə “silahlanıb” kupeyə daxil oldular. Bir-iki saatdan sonra yeyib-içmək başlayar. Məclisboyu Mirqədirovun cəmi bir dəfə ayaq yoluna çıxması onun kupedə qalmış gödəkçəsinin boğaza yaxın hissəsindəki düymənin deşiyinə müşahidə kamerasını yerləşdirməyə imkan verər. Biz əmin idik ki, Mirqədirovun orada ermənilərlə ikitərəfli, qeyri-rəsmi görüşü və ya ən azı ayaqüstü söhbəti olacaqdır.

-Müdhiş əməliyyat olub, Elçin müəllim – deyə qoltuğuna qarpız verdim.

Sənə hələ Hacı Məmmədovu götürməyimizi danışsam, deyəcəksən ki, filmlərdə belə şeylər görüb eşitmişəm.

Müəllim, Mirqədirovun axırı nə oldu? – deyə malı mala qatmamağa üstünlük verdim.

Heç nə. Səhər Eldar Mahmudov xidməti kabinetində canlı surətdə Tblisidəki tədbiri izləyirdi… Yəqin viski içə-içə…

 

Ardı olacaq..

VI hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin

https://www.timetv.live/2020/04/11/dustaqlarin-sindirdigi-mtn-generali/

IV və V hissələri bu link vasitəsilə oxuya bilərsiniz.

https://www.timetv.live/2020/04/11/mtn-nin-jurnalistləri-sindiran-dəstəsinin-həbs-həyati/

3-cü hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin

https://www.timetv.live/2020/04/09/mtn-nin-generalinin-srekə-donməsi/

 

1-ci və 2-ci hissə ilə burda tanış ola bilərsiniz 

https://www.timetv.live/2020/04/07/mtn-nin-qanli-generali-necə-akif-babaya-cevrildi/

 

leave a reply

MENU