Azərbaycanın ən bədbəxt generalının həbsxana məcəraları
Rüfət Səfərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş general qrupu ilə bağlı həbsxana xatirələrini davam etdirir. Oxuyun, çox maraqlıdır
Vl hissə
Özümü qanandan bəri hər zaman atamı səbirli, təmkinli, qarşısındakı opponent həddini aşsa belə, soyuqqanlılığını qoruyub saxlayan görmüşəm, amma bu dəfə bir ilk yaşadım ki, bunu da yəqin “Şrek”in, göyçaylılar demiş, sərəkləməsi doğurdu…
Eldar Sabiroğlunun qəzəbi
Sabiroğlu qaşlarını çatmışdısa, gərilmiş halda baxışlarını bir nöqtəyə zilləyib, az qala 30 saniyə ərzində kipriklərini bir-birinə toxundurmamışdısa, əllərini sinəsində çarpazlamışdısa, demək ki, əsəbiləşib, sadəcə, abırına qısılaraq dünənədək qılıncının dalı-qabağı kəsən, bir kəlməsi ilə insan taleyi həll edən, nəinki etirazçı kəsimin, hətta bəlli anlamda hökumət üzvlərinin-nazirlərin, komitə sədrlərinin, deputatların, parasını gilyotin kəsməyən oliqarxların, daha kimlərin, kimlərin qorxulu röyası olub, dörd divara düşdükdən sonra özünü gecənin bir saatında Kürdəxanı İstintaq Təcridxanasının ikiadamlıq kamerasında doğrayan, xoşbəxtlikdən dustaq yoldaşının təsadüfən ayılması nəticəsində sağ qalan, başqa dördadamlıq hücrəyə köçürüləndə dustaqların sözü bir yerə qoyması nəticəsində məsxərə obyektinə çevrilən, televizorda ölkə rəhbərliyini və ətrafını göstərəndə dustaqların bir ağızdan təhqiramiz ifadələr yağdırmasına yumruğunu düyünləyərək – “Bəsdirin! Məni bura qəsdən saldılar! Siz təxribaçılarsınız! Kim sizə ixtiyar verib ki, mənim rəhbərimi təhqir edəsiniz! Mən ölənəcən Heydər Əliyevin əsgəri, İlham Əliyevin generalıyam!”,-deyib, başını divara vuran (Zinovyev, Kamenev, Rıkov, Tomski, Yejov, Yaqoda, Buxarin, Tuxaçevski və başqalarının mühakimə olunub güllələnərkən son nəfəslərində “Yaşasın yoldaş Stalin!” dedikləri kimi), “zon”a etap olunduqda nəzarətçilərin müşayiəti ilə hamama, tualetə, baraka, yeməkxanaya addımlayan, bəzən şalvarının balağını az qala dizinədək qatlayıb, ayaqlarına “vyetnamka” keçirərək sıra düzülüşünə çıxan, bəzənsə ətəyini qatlamasa da Klinton kimi balağı qısa vilvet, cins, ya da klassik şalvarı geyinərək onsuz da armudu xatırladan sinə və qarın nahiyəsini daha da irəli verib, əlindəki təsbehi barmaqlarına dolayan birisinə acı cavab vermədi, fəqət təhər-tövrü, qırımı, bədən dili bunu deyirdi: “Ay bədbəxt, get bir özünə umac ov, sonra bu uşağa əriştə kəsərsən.”
– Elçin müəllim, bu ciddi məsələdir, Rüfətlə özünüz geniş söhbət edərsiniz. Buranın yeri deyil – deyib, “Şrek”i üsulluca yola verdi.
Kimsəyə lazım olmayan “Şrek”
Quliyev qonşu masada onu gözləyən iki kişiyə sarı addımladı, biz isə dədə-bala stolun ətrafında yerlərimizi aldıq. (Sonradan məlum olacaqdı ki, Quliyevin yanına gələn biri uzun, digəri bəstəboy olan kişilər uşaqlıq dostlarıdır. Onlardan, qoca anasından, həyat yoldaşından və iki yeniyetmə övladından savayı 21-ci əsrdə Azərbaycanının ən bədbəxt generallarından biri, bəlkə də birincisi olan Elçin Quliyevin mövcud olub-olmaması heç kimin umrunda belə deyildi…)
Anamın göz yaşları
…Hər dəfə olduğu kimi, bu dəfə də anamın gözlərindən bilaixtiyar bıldır-bıldır yaş tökülür. Mən bir qədər sərt formada: “Ana, ağlamaq indiki halımızda bizə kömək etməyəcək. Belə durumda çuqun olmaq lazımdır, nə bilim, bədəndəki bütün damarları deşib, 5 litr qanı yerə axıtmaqla, yerinə qurğuşun tökmək vacibdir, dərini soyub, ətin üstünə polad tökmək vacibdir, sement, daş, beton, dünyanın ən böyük cismi nədirsə, ondan olmaq zəruridir, yoxsa, özün də, özünüz də sınıb məhv olub gedəcəksiniz, mən də! Xatırlayırsanmı, 6, ya 7-ci sinifdə “Polad necə bərkidi”ni oxutdun. Burda bir də vərəqlədim. Ostrovski Korçaginin dili ilə nə yazır?”
Aydın məsələdir ki, bu dialoqu, acı mənzərəni, ailəmizin… özü də bütün cəmiyyətin faciəli ailə kimi təqdim etdiyi ailəmizin geniş infarkt keçirən, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə müşayiət olunan ağır degenerativ xəstəliyi qazanan, əlləri durmadan əsən, müvazinətini bəzən itirən başçısı – yazıq atam izləyə bilmədi, ayağa durdu, yırğalana-yırğalana yeriyərək siqaret çəkməyə getdi…
– Özümdən asılı olmur, Rüfət,-deyə anam nisbətən sakitləşməyə çalışdı.
Mən həssas tablonun önündə içimi boşaltmasaydım, ürəyimin partlayacağı şəksizdi:
– Ostrovski Korçaginin dili ilə nə yazır? Bilirsən, ana, filoloqsan… Yazır ki: “İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib, heyifsilənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı ilə utanmayasan… Yaşamağa tələsmək lazımdır.” İndi mən burada cinayət törətdiyim üçün deyiləm. Bildiyin səbəbə görə şərləyib, atıblar dörd divar arasına. Günlər, aylar, illər bihudə deyil. Qətiyyən səmərəsiz günlər keçirmirəm. Hər şey yaxşı olacaq, inan. Bir az əziyyət çəkirəm, o da deyirsən ki, bu boyda istədiklərimin qarşılığında olmasın? Başqa bir misal deyim, amma sən mənim canım, daha kövrəlmə. 1-ci Cümhuriyyət dövründə hakim işləyən, Xəzərin sahilindən Qara dənizə-Trabzonadək 2.000 km yolu velosipedlə qət edib, ömrünü mühacirətdə başa vuran Əziz Alpoudun “Həyatımın hekayələri”ni bitirdim. Əsər bir tərəfə qalsın, ön söz müəllifi Zakir Sadatlının bir cümləsi necə də dərin məzmunludur: “İnsan həyatın içində ən azı bir dəfə ölməlidir ki, dirilsin.” Həqiqətən, “ölü” idim, ağır olsa da şərəfli olan hazırkı mərhələ məni diriltdi. İndi, ay ana, sənə “ölü” Rüfət lazımdır, ya diri?
– Danışırsan da… Dədən gəlir, nə isə, mövzunu dəyişək…,- deyə anam söylədi.
Təxminən 2 saat dərdləşdik, yemək yeyib, çay içdik. Elə bu vaxt “zon”un görüş yerində çayçı kimi işləyən dustaq yoldaşım xəbər gətirdi ki, vəkil gəlib. Adətən Bəhruzla ailə üzvlərm eyni gündə gəlməzdilər, amma bu dəfə nədənsə belə alınmışdı: görünür, əvvəlcədən atam Bəhruzu xəbərdar etməmişdi.
Atamgili yola saldım, həmişəki kimi anamın nəmli gözlərinin insan qəlbini yandıran baxışları altında başımı aşağı salıb, görüş otağını tərk etdim. Görüşdən sonra çalışırdım ki, əzizlərimlə keçirdiyim 2-3 saatın təsiri altından ruh halımı çıxarım, əks təqdirdə normal psixologiyam pozula bilərdi. Ümumiyyətləsə, Dino Bussatinin qaladakı Tronku qız səsinin necə incə olduğunu, bağların, çayların, ağacların necə olduğunu xatırlamadığı kimi, mən də sözün fiziki-hərəki anlamında azadlıq məfhumunu yadırğamışdım, elə sanırdım ki, bütün həyat elə “zon”un ərazisi ilə məhdudlaşır, hərçənd ki, 3 il bunları unutmaq üçün bir elə də ciddi müddət deyil… Elə bil, 1 qərinə idi ki, məhbəsdəyəm.
…“Zon” rəhbərliyinin göstərişinə uyğun olaraq məhbəsdə olduğum 3 il ərzində vəkillərlə-Bəhruz Bayramov, Yalçın İmanov və Fariz Namazlı ilə vəkil otağında deyil, inzibati binadakı əməliyyatçının otağında görüşməli olurduq. Aydın məsələ idi ki, gizli dinləmə və müşahidə kamerasanın nəzarəti altında…
Bəhruz inzibati binanın pilləkəni qarşısında məni qarşılayır. Bu zaman “Şrek”lə “baba”sı da “zon”la inzibati binanı ayıran növbətçi hissədən çıxıb, “sançast”a tərəf addımlayırdılar.(Quliyev nədənsə dostları ilə 30-40 dəqiqə oturub, görüş otağını tərk etmişdi.) Dostum generalları görçək qulağıma astaca pıçıldadı: Rüfət, sən canı, ayaq saxla, bunlarla məzələnəcəm.
Razılaşdım. Bizə yaxınlaşmalarına 5-6 addım qalmış Bəhruz uca səslə vaxtadakı nəzarərçiyə xitabən:
– Müəllim, oradan məhkum Pərviz Həşimlini də gətirin, görüşüm… Bir az tez çağırın...
Aydın məsələ idi ki, “Şrek”in rəngi qıpqırmızı oldu. Tərs-tərs Bəhruza baxıb, salam vermədən keçdilər. (Təbii ki, diqqətli oxucu bilməmiş deyil ki, “Şrek” MTN-də Pərvizə it zülmü verib.)
“Şrek” və “baba”sı
Dostum bununla kifayətlənmədi, guya yaxınlıqdakı serjantlardan birinə söyləyirmiş kimi,- “Qaqa, səni özüm general edəcəm”,- deyə vəd verdi. “Şrek” və “baba”sı çevrilərərk bizə tərs-tərs baxdılar, “sançast”ın bağlı qapısını açmaq üçün kimisə hayladılar…
– Beko, bəsdir, ayıbdır, gəl qalxaq yuxarı. Dəli elədin bunları – deyib, iki qardaş pilləkənin pillələrinə sarı yeridik…
Bəhruz pilləkəndə ucadan şaqqanaq çəkdi, elə bil cəzaçəkmə müəssisəsində deyil, hansısa klubdayıq…
Yuxarıda arxasını məhəccərə dayayıb siqaret çəkən “zon” rəisi bizi görcək soruşu:
– Səfərov noolub?
Ardını gözləyin
IV və V hissələri bu link vasitəsilə oxuya bilərsiniz.
https://www.timetv.live/2020/04/11/mtn-nin-jurnalistləri-sindiran-dəstəsinin-həbs-həyati/
3-cü hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin
https://www.timetv.live/2020/04/09/mtn-nin-generalinin-srekə-donməsi/
1-ci və 2-ci hissə ilə burda tanış ola bilərsiniz
https://www.timetv.live/2020/04/07/mtn-nin-qanli-generali-necə-akif-babaya-cevrildi/