MTN-nin generalının “Şrek”ə dönməsi

MTN generalları Ramiz Mehdiyevi Gebbels adlandırırlarmış

Azər Əhmədovu, Ruslan Bəşirlini bitirmişəm, Xədicə İsmayıla, Rauf Mirqədirova zərbələr vurmuşam

Rüfət Səfərov
Rüfət Səfərov

III hissə

“Zon”un ərazisində siqaret çəkmək üçün 3 zibil qutusu qoyulmuşdu. Dustaq bilərəkdən-bilməyərəkdən həmin qutulardan kənarda siqaret çəkib, kameraya düşərdisə və ya “nadzor” un diqqətini cəlb edərdisə, inzibati binaya aparılar, əgər maddi durumu yaxşıydısa, 500-600 manatla problemi həll edərdi, imkansızdısa, “kars”a salınıb, ən azı 3 gün əzişdirilirdi. Hərçənd ki, təcrübədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi dələduzluğa, ya da rüşvət almaya görə uzun illərə məhkum olunmuş dustaq Həsən Əliyev gəzinti yerində siqaret çəkdiyinə görə 800 manatından keçməli olmuşdu…

Lakin generallara – Çovdarov və Quliyevə, bir də 10-15 “raboçiy” dustağa bu baxımdan yaşıl işıq idi: “çekist” lərə adi irad belə tutmaqdan çəkinirdilərsə, “raboçiy”lər onsuz da sutkanın 16 saatını təmizlik işləri ilə məşğul olurdular…

Generalların ikisi də gəzintiyə başlamazdan öncə sövdələşibmişlər kimi eyni anda siqaret yandırdılar. Mənə təklif olunsa da “kars” da oturub düşünmək üçün hava şəraitinin əlverişli olmadığını deyib, söhbətimizə geniş körpü salmaqçün sual verdim:

Akif müəllim, heç peşmansınız? Uzun illər bu hakimiyyətin möhkəmlənməsi üçün hər iş gördünüz, yekundasa yaşınızın ixtiyar çağında məhbəsə göndərildiniz. Yəqin inanırsınız ki, cəmiyyət əsasən qeyri-qanuni vasitələrlə hakimiyyətin qulluğunda olduğunuzu bilir?

“Şrek” (dustaqlar general Quliyevə “Şrek” ləqəbi qoymuşdular. Diş həkiminin səriştəsizliyi nəticəsində dişlər elə formada qoyulmuşdu ki, güləndə ağzının qabaq dişləri çox irəli çıxırdı, simaca olmasa da, dişləri eşşəyin dişlərini xatırladırdı.)  təşəbbüsü ələ alıb, ilk reaksiya verdi, baxmayaraq ki, sual “baba” sına ünvanlanmışdı:

Peşmançılıq… 90-cı illərin sonlarında təhlükəsizlik zabiti kimi xidmət edərkən vaxt olub ki, aylıq əmək haqqım ailəmi təmin etməyib, amma Heydər Əliyevə sevgim o həddə idi ki, qida, pul-para, maddiyyat barədə düşünmürdüm. İlham Əliyevin dövründə də təmiz işləmişdim, yalnız əmək haqqı və dost-tanışın etdiyi köməklə kifayətləndim. Rəhbər mənə ev verdi, hansı ki, indi üzərinə həbs qoyulub. Sonradan general-mayor rütbəsi ilə mükafatlandırdı. Xidməti avtomobilim var idi, amma nazirin göstərişi ilə Cahangir Hacıyev bir maşın da hədiyyə etdi. Qazancım yalnız bunlardan ibarət olub. Yetim və tək övlad olmuşam. Anam tibb bacısı işləyə-işləyə məni böyüdüb. O ana ki, ötən dəfə yanıma gələndə prezident aparatının önündə özünü yandıracağına dair and içdi. İki övladım və həyat yoldaşımın dolanışığı bərbaddır. Qalmışam çarəsiz. Bu qədər xidmətdən sonra məni 10 il 6 ay ilə cəzalandırdılar. Bu işdə ölkə rəhbərliyinin heç bir rolu yoxdur.

– Elçin müəllim, bəs sizi bura kim göndərib?

– Erməni və Göbbels!

– Anlamadım.

– Göbbels bir zamanlar Sabiroğlunun adını yox, 2-ci ləqəbini çəkərək tənqid etdiyidir: prezident aparatının “yeməkxana siçanı”. Yadındamı, Sabiroğlu “Yeni Müsavat” a 10-15 il əvvəl serial müsahibələr vermişdi? Onun ad və soyadını açıq ifadə etməsə də bilirdik ki, söhbət kimdən gedir. Erməni də atanın barəsində serial siyasi hekayə yazdığı qocadır.

Siz Ramiz Mehdiyevi nəzərdə tutursunuz? Bildiyim qədərilə həyat yoldaşı Qalina xanım milliyyətcə ermənidir, özü yox.

Nə fərqi var, 80 il erməni saxlayan ermənidən betərdir.
O biri kimdir?

Analitik təfəkkürünü işlət. Prezident Aparatında hansı məmurun sifət cizgiləri ilə siçanın sifət əlamətləri bir-birinə bənzəyir?

Elçin müəllim, deyəsən, tapmaca tapmalıyam. Söz yox, eşitdiyimə görə hər bir insan bir heyvana oxşayır. Olmaya, Əli Həsənovu nəzərdə tutursunuz? – adətim üzrə sağ ovcumu sol ovcuma vurub, şaqqanaq çəkdim…

Çovdarov bu arada əllərini arxasında çarpazlayıb, ağır-ağır yeriyirdi. Arada ona baxdım: avtobus sürücüləri kimi növbəti yandırdığı siqareti ağzında saxlayıb çəkirdi, kül yaxasına tökülürdü, tüstü gözlərinin qıyılmasına səbəb olsa da elə bil əllərini arxasından dodaqlarına sarı gətirməkdən ərinirdi. O, “Şrek”lə söhbətimizə qəti müdaxilə etmirdi. Bu, öz yerində, amma məni dustaqların məyus baxışları altında “çekist”lərlə təmas qurub, yeriməyim narahat etməyə bilməzdi: əvvəldən axıradək 1-2 hal istisna olmaqla, saxlanıldığım “zon” un dustaq heyətinin hörmətini öz üzərimdə hiss etmişəm. Bununla belə, nə məndən bu barədə soruşdular, nə də mən, hətta “xlebnik” lərimə belə generallarla ünsiyyətə can atmağımın motivini izah etdim. Lakin azadlıqda olan və bu sətirləri oxuyan dustaq yoldaşlarım inanacaqlar ki, bu günçün, müəyyən həqiqətləri öyrənib, xalqla bölüşməkçün çalışırdım…

– Afərin – deyə Quliyev başını at kimi göyə qovzadı.

Həmin zaman düşündüm, görəsən, Quliyevin öz ləqəbindən də xəbəri varmı?

Görünür, bilmədiyim xüsusatlar var – deyib, içimdə öz-özümə sual verdim: bu o həddə səfehdir ki, siyasi motivlərlə həbs həyatı yaşayan bəndənizlə açıq tekstlə danışıb, bu və ya digər məxfi mətləblərin üzərindən sirr pərdəsini qaldırır? Özümə qeyri-iradi cavabım da oldu: uzun illər Respublikanın Antiterror Mərkəzinin rəisi kimi ən mühüm və yüksək iradə tələb edən vəzifənin daşıyıcısı olan general-mayor həbsə düşdükdən sonra miskin iradəsizlik nümayiş etdirib, bir neçə dəfə intihara cəhd edibsə, hətta ayaq damarlarını doğrayıbsa, demək ki, səfehləyib. Amma qarşı da görəcəksiniz ki, “baba” sı da xərifləyibmiş: məni özlərinə qarşı səmimi biri kimi dəyərləndirərkən…

Erməni və Göbbels heç zaman bizim işimizi qiymətləndirmədilər. Daim rəhbərin yanında bizi və zibilinə düşdüyümüz “piyanska” nı vurmağa çalışdılar.

Müəllim, “piyanska” dediyiniz kimdir? -deyə söhbətin kimdən getdiyini bilsəm də artıq sual verdim.

Bu zaman Çovdarovun səbir kasası daşdı:

– Əəə, sən də danışırsan, normal, düz-əməlli danış da! Yoxsa, elə bilirsən ki, əvvəlki zaman bərpa olunacaq. Bir bu uşağın üzunə bax. Gör necə nurani, səmimi uşaqdır. Gələcək artıq bunlarındır. Möhkəm balaya bənzəyir. Etibarlılıq üzündən yağır. Həm də dədəsinin haqqında eşitmişik, bilirik: ot kökü üstə bitər – deyə son dərəcə kobud, burada yaza bilməyəcəyim vulqar ifadə ilə “Şrek”i pərt elədi.

Eldar müəllimdən söhbət gedir də, baba! – deyib, az öncəki aşağılayıcı formada etdiyi təqdimatı “müəllim”lə əvəzlədi.

Elçin müəllim, deyirsiniz ki, xidmətləriniz olub və s. Gəlin açıq danışaq. Atam yaşındasınız, inciməyin, bəzi suallar verəcəm. Sizi tam əmin edirəm ki, əksəriyyət məhz sizi – Elçin Quliyevi repressiv aparatın əsas vinti kimi tanıyıb. Xidmət deyəndə hakimiyyəti nəzərdə tutursunuz, yoxsa dövlət-xalqı? – deyə ritorik sual verdim.

Həm dövlətə, həm də hakimiyyətə sədaqətlə xidmət etmişəm. Akif baba bilir, Azər Əhmədovu, Ruslan Bəşirlini bitirmişəm, Xədicə İsmayıla, Rauf Mirqədirova zərbələr vurmuşam. Hələ başqaları da var. Onların hamısı həm də bu dövlətə düşməndirlər. Düzdür, bəzisi sonradan “ağıllandı”.

– Bitirib, zərbə vurub, nə etmisiniz ki?

P. S. Dostlar, haqlı olaraq suallarınız yarana bilər: bu qədər detallar necə yadda qalıb, ay Rüfət? Və indi niyə yazırsan? Tam səmimiyəm: doğrudur, baxmayaraq ki, yaddaşım son dərəcə itidir, amma bu qədər xüsusatları yadda saxlayacaqgücdə deyildir. Yaxşı ki, məhbəsdə olduğum dövrdə hər gün bütün hərəkətlərimi, hətta, üzr istəyirəm, sanitar qovşağına gündə neçə dəfə, ağır, yoxsa yüngül formada getdiyimi də gündəliklərimə yazmışam. Bu gündəlikləri min bir zillətə işləyib, həyatımın sonunadək unutmayacağım bir dustaq yoldaşımın köməyi ilə qoruyaraq çölə ötürə bilmişəm. O ki qaldı niyə məhz bu günlərdəyazmağıma, yenə də açıq bildirəcəm: Tofiq Yaqublu kimi xalq qəhrəmanının və savaş yoldaşımın şərlənərək həbs olunması, bu xalqın qanını içmiş bir qanqsterin-generalın isə azadlığa buraxılması artıq qələməsarılmağı labüd etdi…

Ardını gözləyin…

leave a reply

MENU