Qadın cinayətlərinin qarşısını almaq çətinləşir
Türkiyədə bu ilin 11 ayında azı 430 qadın öldürülüb. Təkcə noyabr ayında bu ölkədə 39 qadın cinayətin qurbanı olub. Oktyabr ayında bu rəqəm 36, sentyabrda isə 53 olub.
Türkiyədə hüquq müdafiəçiləri qadına qarşı zorakılıqlarla bağlı həyəcan təbili çalır. Hər il 25 noyabr – Qadınlara yönəlik zorakılıqlara qarşı mübarizə və həmrəylik günü bu ölkədə də qeyd olunur. Bir sıra hüquqi normativ aktlar qəbul edilib. Buna baxmayaraq, ölkədə qadınlara qarşı cinayətlərin statistikası getdikcə daha da böyüyür.
“Qadın cinayətlərinə son qoyacağıq!” Platformasının yaydığı məlumata görə, Türkiyədə 2013-cü ildə 237, 2014-cü ildə 294, 2015-ci ildə 303, 2016-cı ildə 328, 2017-ci ildə 409, 2018-ci ildə isə 440 qadın öldürülüb.
Bu ilin noyabrında törədilən qadın cinayətlərinin 11-i “şübhəli ölüm” kimi qeydə alınıb. 19 qadının nədən öldürüldüyü müəyyənləşdirilməyib. 4 qadın iqtisadi bəhanə ilə, 5-i boşanmaq istədiyinə görə qətlə yetirilib. Keçmiş ərinin barışıq təklifini rədd etdiyinə, şəxsi həyatıyla bağlı müəyyən məsələlərdə özü qərar vermək istədiyinə görə öldürülən qadınların sayı da kifayət qədərdir.
Noyabr ayında qətlə yetirilən 39 qadının 11-ni kimin öldürdüyü hələ məlum deyil. Bunlardan 11 nəfəri əri, 2-si keçmiş əri, 1-i əvvəllər birlikdə yaşadığı kişi, 4-ü atası, 3-ü qohumu (tanışı), 2-si oğlu, biri qardaşı, 4-ü də birlikdə yaşadığı şəxs tərəfindən öldürülüb.
Noyabr ayında qətləı yetirilən qadınlardan 13-ü odlu silahla, 8-i kəsici alətlə, 5-i döyülərək, 3-ü kimyəvi maddə ilə, 3-ü hündürdən düşməklə, 1-i boğularaq öldürülüb. Daha 6-sının hansı şəraitdə öldürüldüyü məlum deyil
Time TV